haberL haberR

TQDK imtahan nəticələrini açıqladı

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 04.07.2015 10:15:10

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 2-də keçirdiyi qəbul və buraxılış imtahanlarının nəticələri açıqlanıb
TQDK-nın mətbuat xidmətindən islamazeri.az-a verilən xəbərə görə, imtahanlarda iştirak edən şəxslər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini (buraxılış imtahanı vermiş şəxslər isə şagird kodunu) 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
 

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 5 saylı "Abituriyent" jurnalında təqdim olunacaq.

V qrup üzrə müsabiqə şərtləri və digər vacib məlumatlar 2 saylı "Abituriyent" jurnalında dərc olunub.

Bu imtahanlarda bir düzgün cavab 1 balla qiymətləndirilib, səhv cavablar düzgün cavabların nəticələrinə təsir etməyib.

V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində aparılıb.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 16151 abituriyentdən 3868 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 12283 abituriyentdən 26 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın saytında 12257 abituriyentin imtahan nəticələri yerləşdirilib. 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində mərkəzləşdirilmiş qaydada təşkil olunub.

İmtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib. Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. 1 sual bir balla qiymətləndirilib və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

Ümumi balı 16-dan, hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər ixtisas seçiminə buraxılır.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 12942 abituriyentdən 1734 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11208 abituriyentdən 15 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. 6984 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçimində iştirak etmək hüququ qazanıb.

İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.