haberL haberR

Uğurlu komandanın xüsusiyyətləri (İctimai işlər görənlər üçün...)

Kateqoriya: Məqalə Yayımlama tarixi: 18.02.2016 13:52:59

Komandadın müvəffəq olması üçün müəyyən şərtlərin olması zəruridir.

Günümüzdə komandanın önəmi heç kimə gizli deyil. Bəzi fəaliyyətlərin gerçəkləşməsi üçün komanda şəklində işləməkdən başqa çarəmiz yoxdur. İslam və insaniyyət düşmənləri də bu mövzuya xüsusi diqqət ayırır və müsəlmanların komanda, vəhdətə gələrək birlikdə  fəaliyyətinə mane olması üçün əlindən gələni edir. Günümüzün misilsiz mütəffəkkirlərindən olan Ayətullah Xamenei bu barədə deyir: “Diqqət yetirsək görərik ki, cəm halında olan idman növlərinin demək olar ki, hamısı Qərbdə, güləş kimi fərdi idmanlar isə Şərqdə formalaşıb və yaranıb. Bunlar hamısı Şərqi islam mədəniyyətindən uzaq salmaq üçün cızılmış planlardır. Çünkü islam hətta fərdi ibadət olan namazın belə cəm şəkilində yerinə yetirilməsini vurğulayır.

Müasir dövrdə komanda şəklində fəaliyyət etmək özü müstəqil bir elmə çevrilmişdir. Bu mövzuda müxtəlif kitablar yazılmışdır. Mövzu çox geniş olduğundan qısa bir yazı ilə bütün nüanslarıa toxunmaq qeyri mümkünüdür. Bu səbəbdən komandanın uğur qazanmasında təsirli olan bir neçə məqamı diqqətinizə çatdırmaq qərarındayıq:

 

1.Güvən və hörmətin yaradılması:

Komanda mühiti bu iki faktorsuz təsəvvür edilmir. Komandanın rəhbəri naməlum istiqamətdə hərəkət edən gəmini idarə edən şəxsə bənzəyir. Rəhbərin işləri irəliyə aparması üçün komandanın üzvlərinin güvəninə ehtiyacı vardır. Çünki insanlar güvənin ardıncadırlar, insanların yox. Komanda mühitində güvən deyil, şəkk baş alarsa rəhbər işlərin başında olmadığı zaman üzvlərin işlərini yerinə yetirib yetirməyəcəyinə əmin olmayacaqdır. Bu da daxili problemlərə yol açacaqdır. Güvən nə qədər güclü olarsa, üzvlər daha rahat iş sərgiləyəcəkdir.

Hörmət də, güvən qədər əhəmmiyyətli məsələdir. Hörmət deyəndə, iş mühitinin tam ciddi bir hal alması nəzərdə tutulmur. Sadəcə bizimlə digərlərinin hansı münasibətdə olmasını istəyiriksə, biz də digərlərinə həmin münasibəti bəsləyək. Hər bir addımımızda özümüzü digər üzvlərin yerinə qoymağı bacarmalıyıq. Xüsusən yad insanların önündə davranışlarımıza xüsusi diqqət ayırmalıyıq.

 

2.Sözün üstündə durmaq:

Keyfiyyətli bir nəticə əldə etmək istəyən komanda verdiyi sözlərə əməl etməyi bacarmalıdır. Hər hansı bir işi müəyyən zamanda ərsəyə gətirəcəyimizə söz veririksə bunu mütləq etməliyik. Əks halda komanda üzvləri arasında güvən ardan gedəcək və verilən sözlərə əməl etməmək adi hala çevriləcəkdir.

 

3.Üzvlərə qarşı eyni münasibətdə olmaq:

Komandanın lazımı nəticə əldə etməsinə mane olan hallardan biri də, komanda daxili qruplaşmaların yaranmasıdır. Əlimizdən gəldiyincə komandanın bütün üzvlərinə qarşı eyni münasibət bəsləməliyik. İclaslara hamını dəvət etməli, iş rejimindən kənarda hansısa proqramımız olduğu zaman da bütün üzvlərin orda olması üçün çalışmalıyıq. Bacardıqca qrup şəkildən olan oyun və proqramlara üstünlük vərməliyik. Bu komanda üzvləri arasında olan səmimiyyəti maksimuma gətirib çıxaracaqdır. Digər tərəfdən bu proqramlar vasitəsi ilə komanda üzvləri daha dəqiq tanınacaq və istedadlarının üzə çıxmasına səbəb olacaqdır.

Bu mövzuda diqqət edəcəyimiz digər məqam isə, komandanın digər üzvlərinin gözləri önündə üzvlərdən birinin qulağına nəsə pıçıldamaq və ya xüsusi söz demək üçün kənara dəvət etməkdir. Bu üzvlərin psixologiyasına ciddi mənfi təsir göstərəcəkdir.

 

 4. Fikir ayrılırları və səliqə fərqliliklərinə normal yanaşmaq:

İnsan təbiətinə xas olan özəlliklərdən biri də, zahirimizin olduğu kimi batini xüsusiyyətlərimizin də özümüzə məxsus olmasıdır. Hərənin özünə görə subyektib fikirləri və zövqləri vardır. Komanda üzvlərinə bu psixologiya ciddi şəkildə aşılanmalıdır. Yaranmış fikir ayrılıqları üzvlər arasında münaqişəyə deyil, əksinə işin mükəmməl formada ərsəyə gəlməsi üçün bir fürsət olmalıdır. Məsələyə müxtəlif prizmalardan yanaşmaq işin nöqsanının azalmasına səbəb olacaqdır.

 

5. Komanda üzvlərinin bir birinə şəxsiyyət verməsi və iş tapşırması:

Komanda üzvlərinin kiçik işlərdə belə, fikirlərini öyrənmək onlara şəxsiyyət verməyimizə səbəb olacaqdır. Şəxsiyyətli insanlar özlərinin dərdə dəyən biri olduğunu gördüklərində daha çox düşünəcək və çalışacaqdır. Hazırda bacarmasa belə təcrübə yolu ilə öhdəsindən gələcəkləri işləri komanda üzvlərinə tapşırmaq və bu müddət ərzində onları tək buraxmamaq lazımdır. Üzvlər onlara verilmiş işlər müqabilində daha da təcrübələnəcək və nöqsanlarını minimuma endirəcəkdir. “Bacarmaz” deyərək üzvlərə iş tapşırılmazsa, üzv həqiqətən də bu işi ömrü boyu bacarmayacaqdır. Lakin komanda daxili işləri üzvlərə tapşırmaqla, onların gələcəkdə böyük işlər görmələrinə şərait yaratmaq mümkündür.

 

6. Nəfsani mənfi xüsusiyyətlərimizdən uzaq olma:

Bu məsələ xüsusi ilə ilahi dəyərlər uğrunda fəaliyyət göstərən şəxslərə aiddir. Nəfsani mənfi xüsusiyyətlərimiz fərdi həyatımızda olduğu kimi, ictimai həyatımızda da inkişafa və hədəfə çatmağımıza mane olur. Komanda şəklində fəaliyyət göstərmək istəyən şəxslər eqolarını kənara qoyub, mənəmçilikdən uzaq olmalıdırlar. Şəkərin suda həll olduğu kimi, üvləri öz “mən”-lərini komandada həll etməyi bacarmalıdırlar. Komanda üzvləri eyni şeyi itirmiş qardaşlar kimi olmalı və davranmalıdırlar.

 

Qismət olsa gələcəkdə bu mövzu ətrafında daha geniş yazılar sizlərə təqdim edəcəyik.

 

Ruhullah Novruzzadə/ İslamazeri.az üçün

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.