haberL haberR

Vəhdətin önəmi və ya tarixi təkzib... (Köşə yazısı)

Kateqoriya: Məqalə Yayımlama tarixi: 11.02.2016 16:17:47

İslam düşmənləri hər dövrdə vəhdəti parçalamaq istəyilə, müsəlmanları pərəm-pərəm salmaq üçün min-bir oyundan çıxıblar

 Bu,  bəzən məzhəblərarası düşmənçilik, bəzən də məzhəblər içində fitnələr yaratmaqla olub.

Azərbaycanımızda da vəhdət düşmənləri qollarını çirmələyib, fitnələr yaratmaq üçün planlar hazırlamaqdadırlar. Belə bir planlardan biri də, ənənəvi islama qulluq edənlər arasında fitnələrin çıxarılmasıdır.

 

İkitirəlik möminləri zəiflədir...

Son zamanlar ölkədə “müqavimət və qeyri-müqavimət ruhaniləri”  gündəmdədir. Bu bölgünün yaradılmasının düzgün və ya yalnış olması haqqında danışmaq istəmirəm, odurki mənim çatdırmaq istədiyim məsələ bu ruhanilər arasındakı fərqli addımlarının cəmiyyətdə birmənalı qarşılanmamasındadır. Daha doğrusu bu ruhanilərin tərəfdarları kimi təqdim edənlər arasında söz atışması və ya “yeni təkfirçilik” toxumlarının cücərdilməsinə işarə etmək istəyirəm.

Ölkədə islami cameədəki son ürəkağrıdan hadisələr zamanı, tanınmış ilahiyyatçılardan birinə yazaraq “Hacı, ölkədə bizləri  vəhhabilərdəki  kimi  ikiyə ayırmaq istəyirlər. Bu şeyə imkan vermək olmaz”, - kimi fikirlərimi bildirdim. O ilahiyyatçı da, bu narahatçılığımı səmimi qəbul etdi. Əslində, mən o ilahiyyatçının tərəfdarlarına qarşı diqqətli olmasını istəyirdim. Çünki, adətən ruhanilər deyil, tərəfdarları “təkfir”çilik edir və fitnələrə zəminə yaradırlar.

 

Təkfirçilik qəbuledilməzdir...

Təəssüflər olsun ki,  bizim narahatçılığımıza baxmayaraq hər iki yöndə ruhanilərə qarşı sərt təpkilərə rast gəlindi. Biriləri “filankəs böyük səhv etdi, İslama zərbə vurdu.” dedisə, digərləri  “Şüreyh qazi, saray mollası” kimi fikirləri açıq aşkar statuslarında belə yazmaqdan çəkinmədi.

Əlbəttə ki, hər iki tərəf (yəni ruhanilərə söyüş, təhqir ünvanlayanlar) haqsız idi. Çünki, açıq aşkar təkfirçilik bizə deyil, vəhhabilərə xas əməldir. Odurki, kimlərəsə ad qoymaqdan əvvəl, onun nə edib, etmədiyini dəqiq araşdırmaq və onun özündən bu məsələ ilə bağlı münasibət öyrənmək lazımdır.

Çünki, Hüseyni ruhiyyə ilə zülmə yox deyən şəxsin bəzən dəstəkçisi onun yanındakı deyil, məhz əks tərəfdə mövqe tutan şəxs də ola bilər. Bu haqda kifayət qədər tarixi dəlillər var. İmam Sadiqin dövründəki hadisələrə nəzər etmək buna kifayət edər.  Əlbəttə ki, bu dediyim o şəxslərin özünə aid məsələlərdir. Vicdanları ilə onlar, hansı tərəfdə olduqlarını, nə etdiklərini, kimə tabe olduqlarını gözəl bilirlər. Mən tənqid əleyhinə deyiləm. Əlbəttə ki,  hər kəsin tənqid etmə haqqı var, lakin bu tənqid gözəl sözlərlə, təhqir və söyüş olmadan analiz edilərək deyilə bilər. Çünki, heç kəs səhvdən məsum deyil. Səhv etməyə görə, tezbazar ad qoymaq da, çıxış yolu deyil. Çünki bu, fitnələrə səbəb olur, parçalanmalara gətirib çıxarır. Yuxarıda qeyd etdiyim kimi, hər bir sərt təpkilər təmsil etdiyimiz cəmiyyətdə, Əhlibeyt tərəfdarları arasında iki fərqli qollar yarada bilər, sonra daha böyük fitnələrə səbəb olar. Bu əməllərdən nə Allah, nə də Peyğəmbər razı olar.

 

Məşhur müsahibə, təkzib və ya...

Bir neçə gündürki, sosial şəbəkələrdə və cəmiyyətdə bir məsələ müzakirə olunur. Belə ki,  ruhanilərdən birinin həbsdəki ruhanilər haqqında müsahibəsi  zamanı çox ağır ifadə işlətməsi müzakirəyə çıxarılıb. Həqiqətən belə bir müsahibə saytların birində qalmaqdadır və bu xəbər də, təkzib olunmayıb, lakin...

Müsahibə ilə bağlı adı qeyd olunan  din xadimilə bir-başa əlaqə saxlamalı oldum.  O mənə  “Bircə dəfə də  olsun ona qədər və sonra elə söz deməmişəm.  Necə ola bilər Amerikaya baglı mediaya birdən birə elə dedim?!”, - dedi.

Mən isə jurnalistikanın qaydalarına əsasən ondan niyə təkzib etmədiyini  soruşdum. O isə, həqiqətən bir yerdən ona zəng gəldiyini, söhbət etdiyini, lakin sualı başa düşmədiyindən onların iddiaları kimi cavab vermiş ola biləcəyini  bildirdi. Əlbəttə ki, mən də hüsni zənn edərək bu cavabı məqbul saydım.  Axı  bu ruhani mənə cavab verməyədə bilərdi. Axı niyə də qəbul etməyim?  Özü deyirki, mən bu fikirdə deyiləm.

Dost da, düşmən də, o ruhanidən xoşu gələn də, xoşu gəlməyən də bu cavabı qəbul edib etməməsi  özünə aiddir. Mən şəxsən qəbul etdim... 

 

Digər sualım...

Ruhaniyə digər sualım bu oldu ki, sizin tərəfdarlarınzıdan biri zindandakı filan ruhaninin adını dırnaqda yazaraq, ona qarşı ağır ittihamlar səsləndirib. Qırağdan görünən mənzərə budur ki, siz də bu mövqedəsiniz. Bu haqda nə deyə bilərsiniz? O mənə həmin şəxsin sözlərini və statuslarını  ciddi qəbul etmədiklərini bildirdi. Bir sözlə sözündən bu nəticəni çıxardım: “Zindandakı ruhanilərin əleyhinə mənim yaxınlarımdan biri də olsa, nəsə təhqir, sərt söz işlədirsə - o adam ciddi adam deyil, yəni  biz bu adamı ciddi qəbul etmirik.”  Bəli, bu cavabı da qəbul etdim. Axı kim qeybət və ya böhtan səsləndirənin sözülə razı olar? Ancaq özü kimi qeybətçi və ya böhtan atanlar...

 

Son olaraq...

 Odurki, son olaraq hər birimizi vəhdətə, təkfirçilikdən uzaq olmağa və Quran və Əhlibeytə uyğun həyat sürməyə dəvət edirəm.  Möminlər arasında fərqli metodla iş görmək təbii qəbul olunmalı, bunun əksi düşmənçiliyə səbəb olmamalı,  vəhdətin parçalanmasına səbəb ola biləcək hər bir işdən uzaq olmalıyıq.  Əlbəttə ki, bu söz hər tərəfə aiddir.

 

P.S.  Hacı Abgül Süleymanov həmişə öz tərəfdarlarına ruhanilərə qarşı, xüsusilə moizələrilə  kütləyə xitab edən ilahiyyatçılara qarşı  təhqir və ağır sözdən çəkindirir, ruhaniləri əsas hədəf kimi göstərməməyə çağırırdı. Hacı sözlərində möminlərin əsas düşməninin şeytan,  zalımlar və İslama düşmən olanların  olduğunu bildirirdi. Odurki, gəlin əsas düşmənimizdən qafil olmayaq. Ruhanilərimizə sahib çıxaq. Bunu bilək ki, haqq hesabı biz deyil,  Allah çəkəcək...

 

 Ramin Bayramov

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.