haberL haberR

Vüqar Bayramov Samir Şərifova cavab verdi

Kateqoriya: Münasibət Yayımlama tarixi: 25.01.2016 18:19:14

Maliyyə naziri Samir Şərifov "Hesabat"a verdiyi müsahibəsində iqtisadçı ekspertləri tənqid edib. Samir Şərifov iqtisadçı ekspertləri cəmiyyəti yalnış yönləndirməkdə, ajiotaj yaratmaqda ittiham edib.
Maliyyə nazirinə həmin ekspertlərdən biri Vüqar Bayramov Ölkə.Az vasitəsi ilə cavab verib:
 
"Hökumət çalışmalıdır ki, iqtisadçı ekspertlərlə əməkdaşlıq etsin, onların təkliflərini dinləsin. Yoxsa iqtisadçı ekspertləri ajiotaj yaratmaqda ittiham etmək doğru deyil. Böyük əminliklə deyə bilərəm ki, iqtisadçı ekspertlərin hamısı ölkənin daha yaxşı inkişafını istəyən iqtisadçılardır. Onların məqsədi heç də ölkədə ajiotaj yaratmaq deyil, onların məqsədi cəmiyyətə doğru məlumatlar verərək, doğru analizlərlə iqtisadi inkişafa dəstək olmaqdır. Bizim təkliflərimiz, tədqiqatlarımız hökumətin yanaşmasına alternativdir. Biz hökumət kimi düşünsək heç iqtisadçı ekspert kimi fəaliyyət göstərməyə də ehtiyac yoxdur. Hökumət alternativ fikri dinləməli, təkliflərə qulaq asmalıdır.
 
Bizim illər öncə istiqrazların çap edilməsi ilə bağlı qaldırdığımız məsələ məhz maliyyə nazirinin özü tərəfindən qiymətləndirilib və tətbiq edilir. Bu onu göstərir ki, iqtisadçı ekspertlərin təklifləri, hamısı olmasa belə, heç olmasa müəyyən hissəsi zamanında qəbul olunsa, reallaşsa, milli valyutaya bu qədər kəskin təzyiq olmazdı. Vətəndaşların yığım imkanları genişlənərdi və hətta daha aşağı devalvasiyaya da getmək mümkün olardı. Deyirlər, iqtisadçı ekspertlər bu gün iqtisadi problemlərin əsasıdır, əksinə, iqtisadçı ekspertlər iqtisadi problemlərin aradan qaldırılmasına kömək etmək istəyirlər, problem yaratmağa çalışmırlar".
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.