haberL haberR

Xarici İşlər nazirinin istefaya göndərilməsi gündəmdədir

Kateqoriya: Siyasət Yayımlama tarixi: 02.10.2015 13:42:00

Hətta yerinə gətiriləcək namizəd də bəllidir
Son zamanlar xarici işlər naziri Elmar Məmmədyarovun fəaliyyəti, xarici siyasət idarəsində təsadüfi şəxslərin diplomatik görəv alması və bu səbəbdən yaranan qalmaqallar hakimiyyət kuluarlarında ciddi müzakirə olunur.
 
XİN-də kadr siyasəti və korrupsiya faktları haqda əvvəllər də müxtəlif səpkili informasiyalar yayılırdı, amma Avropa Oyunları ərəfəsi İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının keçmiş rəhbəri Arif Məmmədovla bağlı qalmaqaldan sonra daha bir neçə diplomatın da "qiyam” qaldırması hakimiyyətin ən yüksək düzeyində narahatlıq yaradıb. Baş verənlər hakimiyyətdə o qənaəti möhkəmləndirib ki, E.Məmmədyarov səfirliklərin işinə nəzarət edə bilmir. Səfirliklə bağlı korrupsiya faktlarının etiraf edilməsi, hətta cinayət işi açılması xarici işlər nazirini məsuliyyətdən azad etmir, üstəlik, idarəetmədə ciddi nöqsanlar olduğu barədə xəbərləri təsdiqləyir.
 
 
Azərbaycan təkcə düşmən ölkə Ermənistanın deyil, Qərbin də informasiya basqısı altında olduğu bir dönəmdə XİN-də bir-birinin ardınca baş verən qalmaqallar iqtidarı bu strukturda təcili dəyişikliklər barədə düşünməyə vadar edir. Ermənistanla informasiya müharibəsi dövründə diplomatların xaricdən siyasi sığınacaq istəməsi ümumilikdə Qarabağ danışıqlarında Azərbaycanın mövqelərini zəiflədir. 2004-cü ilin aprelindən xarici siyasət idarəsinə rəhbərlik edən E.Məmmədyarovun Azərbaycanın xarici siyasəti, xüsusən də Dağlıq Qarabağla bağlı beynəlxalq aləmdə fəaliyyəti ciddi suallar doğurur. Yalnız bir faktı qeyd edək ki, müxtəlif ölkələrdən Dağlıq Qarabağa qeyri-qanuni səfərlərin sayı nəzərəçarpacaq dərəcədə artdığı halda, XİN yalnız onların adını "qara siyahı”lar salmaqla işini bitmiş hesab edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə çox sərt danışıb, XİN-in fəaliyyətini tənqid edib. Prezident bildirib ki, Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat deyil.
 
 
İddialara görə, Azərbaycan hakimiyyətinin Qarabağ danışıqlarında ritorikanı daha da sərtləşdirdiyi vaxt-yəni 2013-cü il prezident seçkilərindən sonra E.Məmmədyarovu da dəyişmək planı gündəmdə olub. Plana görə, müdafiə naziri Səfər Əbiyevin Zakir Həsənovla əvəzlənməsi ilə bərabər xarici işlər naziri də görəvdən alınmalı imiş. Yəni Qarabağ danışıqlarında heç bir konstruktiv addım atmayan Ermənistan rəhbərliyinə qarşı həm ordunun gücü, həm də "hücum diplomatiyası” işə düşməli imiş. Göründüyü kimi, məhz Zakir Həsənovun müdafiə naziri təyinatından sonra Ermənistan cəbhə xəttində ağır itkilər verməkdədir və Azərbaycan bu məsələdə tam üstünlüyə malikdir. Təəssüf ki, təcrübəli diplomat və korrupsiyaya bulaşmayan məmur olduğu üçün vəzifəsində saxlanılan E.Məmmədyarov prezidentin ona verdiyi növbəti şansdan Azərbaycanın xeyri üçün istifadə edə, XİN-i "hücum diplomatiyası”na kökləyə bilmədi. Son illər "DQR”-ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda "dişsiz siyasətinin” nəticəsi hesab olunur.
 
 
Azərbaycan iqtidarına Qərb dairələrindən hücumlarda da E. Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu var. Xüsusən siyasət və informasiya texnoloqları belə hesab edirlər ki, nazir Avropa Birliyi ölkələri ilə yaxşı əlaqələr qurmaqda çətinlik çəkir, onun "qoca qitə”yə təyinat alan diplomatlarının bəziləri səriştəsizdirlər. Bütün bunlar onu bir daha təsdiqləyir ki, E.Məmmədyarovun nazir kimi karyerası nöqtələnir. Son günlər onun yorulduğunu hətta efirdən də aydın sezmək mümkündür. Hələ bir müddət əvvəl də belə xəbərlər vardı ki, nazir yorulması səbəbindən özü vəzifədən getmək istəyir.
 
Hakimiyyət mənbələrindən əldə etdiyimiz bilgiyə görə, E.Məmmədyarovla bağlı qəti qərar artıq verilib. Məlumatı mənbə iddia edir ki, parlament seçkilərindən sonra gözlənilən kadr islahatları məhz xarici işlər nazirinin vəzifədən azad olunacağı ilə başlayacaq.
 
 
E.Məmmədyarovun BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin ediləcəyi iddia olunur. 2014-cü ildən bu vəzifəni tutan Yaşar Əliyevin XİN-ə müavin gətiriləcəyi söylənilir.
Xəbərlərdə o da iddia olunur ki, hakimiyyət xarici işlər naziri kimi daha çox Araz Əzimovun namizədliyi üzərində dayanıb. Peşəkar diplomat təhsili olmasa da, o uzun illərdir ki, XİN-də işləyir. A.Əzimov 1989-cu ildə Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1990-1991-ci illərdə 1-ci katib, 1991-1992-ci illərdə müdir müavini, 1992-1994-cü illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar idarəsinin rəisi olub. 1994-cü ildən isə xarici işlər nazirinin müavinidir.
 
O, hələ Heydər Əliyevin rəhbərliyi dövründən prezidentin Qarabağ məsələsi üzrə xüsusi səlahiyyətli nümayəndəsidir. Maraqlıdır ki, E.Məmmədyarovdan fərqli olaraq Araz Əzimov Qarabağ məsələsi ilə bağlı daha sərt bəyanatlarla çıxış edir. Ötən ilin mayında o, amerikalı həmsədr Ceyms Uorlikin missiyasına zidd olaraq ermənilərdə daha sıx əlaqədə olduğunu, Amerikadakı erməni diasporu ilə yaxınlığını bəyan edərək onun geri çağırılması məsələsini qaldırmışdı. A.Əzimov illərdir ki, Qarabağ danışıqlarında "görünməz” fiqurdur və müzakirə olunan bütün sənədlər onun birbaşa iştirakı ilə hazırlanır. Ekspertlər də "Yeni Müsavat”a bu təyinatın mümkün olduğunu deyiblər. Onların sözlərinə görə, A.Əzimov nazir təyin edilməyə ən real namizəddir və Qarabağ danışıqlarında prinsipial mövqeyi ilə tanınır.
 
Lakin bu posta digər iddiaçıların da adları çəkilir. Onlardan biri Novruz Məmmədovdur. Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri olan cənab Məmmədov bir sıra hallarda ölkə və dünya gündəminə düşən cəsarətli açıqlamaları ilə yadda qalıb.
 
 
Siyasət kluarlarında yeni xarici işlər naziri kimi millət vəkili Azay Quliyevin də adı çəkilir. Beynəlxalq məsələlərdə fəallıq göstərən və ermənilərə qarşı informasiya müharibəsinə ciddi töhfələr verən Azay Quliyev 1971-ci il doğumludur. Hakimiyyətdə ciddi dəstəyə malikdir. O cümlədən QHT və media sektorunda nüfuzu var.
 
Azay Quliyev Almaniya, Böyük Britaniya, Fransa, Türkiyə, Macarıstan, Gürcüstan, Rusiya, Belçika, İsveçrə, Avstriya, Rumuniya, Serbiya və digər ölkələrdə Qarabağ problemi ilə bağlı keçirilən konfranslarda fəal iştirak edib və məruzələr edib.
İngilis, rus və türk dillərini bilir. (Yeni Müsavat)
 
Əhmədov Qafar / İslamazeri
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.