haberL haberR
Mixail Bulqakovun “İt ürəyi” əsərində əsas qəhrəmanlardan professor Preobrajenski assistenti doktor Bormentala müraciət edərək deyir: “Axı bu xarabalıq dediyiniz nədir?...O, ümumiyyətlə yoxdur, doktor!..Əgər ayaqyoluna gedərək, ifadəmə görə üzr istəyirəm, təbii ehtiyacımı çanaqdan kənara ödəyəcəmsə, ayaqyolum xarabalığa çevriləcək! Deməli, xarabalıq çanaqlarda deyil, başlardadı!”

Rus klassikini təsadüfən xatırlamadıq. Bəzi insanların hərəkətlərinə baxdıqda əmin olursan ki, həqiqətən də, başlar xarabalığa çevrilib. Çanaq yerinə istifadə ediblər bunları, ya nədir? Deyirsiz, mübaliğəyə yol verirəm? Gəlin birlikdə baxaq. Biri çıxır TV efirinə. Ağzını açır və məcazi mənada efiri üfunət bürüyür. Nə insan haqlarına hörmət qoyur, nə insanın inancına, birinə bayquş deyir, o birinə söz atır. Kəsəsi, efiri xaraba qoyur, lap Preobrajenskinin ayaqyoluna çevirir. Beləsini nəinki efirə buraxmaq olmaz, beləsinə özünə hörmət edən adam salam da verməz, çünki başdan-ayağa antisanitariya yayır. Amma buraxıblar. O da mərifətini, çanağında olanı qoyub ortalığa. Yaxşı, bir qələtdi eləmisiz, camaatın haqqına girmisiniz, heç olmasa üzr istəyin! Ayhay! O boyda şirkətin ağsaqqalı sayılan kişi çıxıb ortaya görün nə deyir: “Xoşlarına gəlmir baxmasınlar... Gözümüz aydın, nə qədər kanal var, başqasına baxsınlar... Mən başa düşmürəm, niyə aparıcıya xəbərdarlıq olunmalıdır ki? Azad şirkətin azad jurnalistidir”. Məni bağışlayın, amma bu professorun ayaqyolu misalı heç cür yadımdan çıxmır da. Bu sözlərindən sonra yenə xatırladım. Yaxşı. Neynək. Mən indi 1-2 kəlmə yazacam. Xoşlarına gəlməyənlər, oxumasın. Gözüm aydın, nə qədər sayt var, başqasını oxusunlar. Mən azad portalın azad jurnalistiyəm. Odur ki...

Elə arasında deyillər “itə yiyəsinə görə hörmət elə”. Babalarımıza canım qurban e, amma bu yiyəsi də gərək dəyərli adam olsun da! Yoxsa ki, it elə yiyəsinin davamıdırsa, it yiyəsinin məntiqi tamamlayıcısıdırsa, onda ya it oldu, ya yiyəsi – fərq etməz. Elə yiyəsi də itə taydı. Yiyəsi də it hökmündədi. 3-5 qəpiklik hörmətiniz var idi, onu da ayaqyolu çanağında batırdınız. Day gərək bağışlayasınız e, belə çıxır da. Bir də ki, kimin xoşu gəlmir, oxumasın, bayaq yazdım axı.

Hə, bir də onu deyim ki, ikiüzlülük kişiyə yaraşmaz. Mətanət efirdə yanan bina ilə bağlı “quş buraxanda” kimlərsə guya milli-mənəvi dəyərlərimizin ən sadiq, ən vicdanlı, ən qərəzsiz, ən sarsılmaz keşikçisi kimi atlandı ortalığa, bütöv telekanala savaş açdı. Ağızlardan dürr yağdı, guya bunlar məsumdurlar. Amma elə onda da bunların səmimiyyətinə inanan az idi. Çox keçmədi, heç 40 gün də. Maskalar cırıldı, atıldı efirdəki çanaqlara. Dünən Mətanətdən təkidlə üzr istəməsini tələb edən, onu qeyri-peşəkarlıqda ittiham edənlər indi hərzə-hərzə məsləhət verirlər – başqa telekanallara baxın! Olsun. Onsuz da peyk antennaları camaatın sərəncamına veriləndən sonra yerli TV-lərdən üzümüz get-gedə dönür. Olsun, sizi də göndərək yaratdığınız xarabalığa. Amma, cənablar, axı o kanalınızın adı var ha, o adın birinci sözü var ha... Xatırladınız? Bax, o adı sizə heç kim inhisarlığa verməyib. O boyda adı üzərinizə götümüsünüzsə, zəhmət çəkin, bu cammatın səsini dinləyin. Yox, “dəyərli” məsləhətlər verirsinizsə, o zaman “Azərbaycan”dan imtina edin. “A” qalsın, “A” sizin olsun. Məsələn, “Abdal”, “Abırsız”, “Acınacaqlı”, “Açarsız”, “Ağılsız” və s. Seçim var, gördüyünüz kimi. Amma Azərbaycanımızı qaytarın, sizlik olmadı deyəsən. Sizinki elə Preobrajenskinin sanitar qovşağıdır. Gedin, orda “yaradın”, “vicdanlı” və “qərəzsiz”...

islam.az
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.