haberL haberR
Amerika İŞİD-ə qarşı savaşın uzun illər davam edəcəyi ilə bağlı xəbərdarlıq edir

ABŞ-ın İŞİD-ə qarşı mübarizə koalisiyası yaratması, ardınca İraq və Suriya ərazilərində terror qruplaşmasının mövqelərini bombalaması prosesinin başlamasından bir aya yaxın vaxt keçir. Bu müddətdə demək olar ki, hər gün İraq və Suriyada 10-a yaxın hava zərbələri həyata keçirilir. İŞİD-in mövqeləri ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Bəhreyn, İordaniya, Fransa və Britaniya təyyarələri tərəfindən vurulur.

Ancaq indi məlum olur ki, bu bombardmanlar o qədər də effektli deyilmiş. ABŞ ordusu baş qərargah rəisi Martin Dempsi İraq və Suiryada ABŞ hərbi hava qüvvələrinin bombardmanlarının uğursuz olduğunu, İŞİD-ə böyük zərbə vura bilmədiyini etiraf edib. Bombardmanlardan sonra İŞİD-in taktika dəyişdirdiyini qeyd edən amerikalı general İŞİD-i hədəfə almağın getdikcə daha da çətinləşdiyini bildirib. Eyni zamanda mediada gəzən məlumatlara görə, zərbələrin yalnız 10 faizi effektli olur, qalanları isə qeyri-dəqiq olur.

Maraqlıdır ki, Amerika İŞİD-ə qarşı koalisiya yaratdıqdan dərhal sonra, daha dəqiqi sentyabrın 16-da qruplaşma Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kobani (Əyn əl-Ərəb) qəsəbəsinə hücum etdi. Artıq bir aydır ki, koalisiya aviasiyasının havadan aramsız bombardmanlarına baxmayaraq İŞİD-in Kobaniyə hücumu davam edir. Aramsız hücum edən İŞİD qüvvələri bir neçə dəfə Kobaninin mərkəzinə qədər gedib çıxıb, hazırda qəsəbənin 30 faizinə nəzarət edən terrorçular hücumları davam etdirirlər.

Eyni vəziyyət İraqda da müşahidə olunur. Koalisiyanın aramsız bombardmanlarına baxmayaraq İraqın mərkəzində hücumlarını davam etdirən İŞİD artıq mühüm əhəmiyyətli Ənbar vilayətinin (burda İraqın əsas su bəndi yerləşir – red.) 80 faizini ələ keçirib. Artıq İŞİD silahlılarının Bağdad aeroportuna 12 kilometr məsafədə olduğu bildirilir.

Nə baş verir? Nədən dünyanın ən güclü hərbi texnologiyasına sahib olan, ən mükəmməl peyk izləmə cihazları, dəqiq rabitə idarə sistemləri və kosmik kəşfiyyat texnologiyasına malik olan ABŞ ordusu gizlənməyə o qədər də çalışmayan, açıq şəkildə kəndlərə, şəhərlərə hücum edən silahlı qrupu məhv etməkdə çətinlik yaşayır? Ən qəribəsi də odur ki, ABŞ-ın İŞİD-ə qarşı yeni koalisiya yaratmağa başladığı bir vaxtda Vaşinqton rəsmiləri, o cümlədən prezident Obama, müdafiə naziri Çak Hagel, eləcə də keçmiş müdafiə naziri Leon Panetta və digərləri İŞİD-ə qarşı savaşın illərlə davam edəcəyini bildirdilər. Hətta L.Panetta 30 il davam edə biləcəyini bildirdi. Əlbəttə, bu yalnız iddialardır. İŞİD ətrafında proseslərin nə qədər davam edəcəyini kimsə bilmir. Ancaq bir ana xətt hiss olunur: Qərb siyasi dairələri Yaxın Şərqdə uzun illər davam edəcək bir savaşa, yaxud da terror xaosuna hazırlaşır və dünya ictimai rəyini də buna hazırlayırlar.

“Bu, uzunmüddətli bir müharibə olacaq. Onun sürətli həlli yoxdur. Cəlb olunduğumuz və bizim hərbi səylərimizi birləşdirən bu kampaniyanın ilkin mərhələsindəyik. Uğurlu günlərimizlə yanaşı, uğursuz dövrlər də olacaq. Biz İŞİD-i əzib tamamilə məhv eləmək kimi ümumi məqsəd ətrafında birləşmişik ki, bir daha nə İraq, nə region, nə də dünya bu təhlükə ilə üzləşməsin”.

Bu sözləri isə ABŞ prezidenti Obama deyib. Daha artıq izaha da gərək yoxdur. Dünya Yaxın Şərqdə uzun müddətli bir xaosa, qanlı terror savaşına hazırlanır. Bu prosesin sonunun necə olacağını indidən proqnozlaşdırmaq çox çətindir. Bir şey aydındır ki, ABŞ-ın Yaxın Şərqdə qurduğu sayca 3-cü savaş koalisiyası (birinci koalisiya 1991-ci, ikincisi 2003-cü ildə qurulub – red.) yalnız İraq və Suriyaya deyil, bütövlükdə regiona təsir edəcək, ciddi siyasi dəyişikliklərə səbəb olacaq.

K.
islam.az

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.