haberL haberR

«Yenidən nəticəsiz danışıqlar məcrasına giririk»

Kateqoriya: Siyasət Yayımlama tarixi: 24.06.2016 10:14:26

Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün səy göstərəcəkmi?

Qulu Məhərrəmli: «Mərhələli həll planı Azərbaycanın xeyrinədir»

Zərdüşt Əlizadə: «Əsas odur ki, Rusiya Dağlıq Qarabağı bölgəyə nəzarət aləti kimi saxlamaq istəyir»

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların aparılması üçün Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının iştirakı ilə Sankt-Peterburq görüşündən sonra tərəflərin ziddiyyətli açıqlamaları oldu. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Sankt-Peterburq görüşünü şərh edərkən Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı qərar qəbul olunduğunu desə də, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bunu təkzib edib.

Qeyd edək ki, N.Məmmədovun açıqlamasına görə, əvvəlcə Azərbaycanın 5 rayonunun, ardınca 2 rayonun azad olunması, dəhlizin və sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi istiqamətində tərəflər razılığa gəliblər. Ekspertlər hesab edirlər ki, təklif olunan variant Azərbaycan üçün sərfəli deyil. Təmas xəttinə rus qoşunlarının "sülhməramlı" adı ilə yerləşdirilməsi ölkənin suverenliyi üçün təhlükədir.


Siyasi şərhçi, professor Qulu Məhərrəmli "Bizim Yol" qəzetinə bildirib ki, bu cür görüşlərin olması yaxşıdır. "İstənilən halda müharibədənsə, danışıqların addım-addım irəliləməsi müsbət haldır. Pis olan odur ki, biz yenidən nəticəsiz danışıqlar məcrasına giririk. Əgər mətbuatda verilən məlumatlara inansaq, Dağlıq Qarabağ probleminin mərhələli həlli Azərbaycana olduqca sərf edən bir variantdır. Azərbaycan əvvəldən mərhələli həll planına üstünlük verib, Ermənistan isə paket şəklində - yəni bütün problemlərin birdən-birə həll etmək variantına. Burada birinci mərhələdə işğal olunmuş ərazilər qaytarılır, məcburi köçkünlər yerlərinə qayıdır, ikinci mərhələdə Ermənistanla əlaqə, dəhliz məsələsi gündəmə gəlir, sonra isə tərəflər arasında etimadın yaradılması gəlir. Burada da sülhməranlı qüvvələr rol oynaya bilər. Amma bütün hallarda Rusiyanın sülhməramlı kimi təkbaşına bölgəyə gəlməsi çox təhlükəli hadisədir. Bu, yalnız BMT-nin himayəsi altında ola bilər. BMT olmadan Rusiyanın gəlməsi Azərbaycan üçün ciddi təhlükədir. İnanmıram ki, Azərbaycan bu varianta razılıq versin. Çünki bu məsələ qalxanda, hələ 90-cı illərin ortalarında Azərbaycan BMT sülhməramlı qoşunlarının gəlməsini istəmişdi. İndi də Azərbaycanın bu mövqeyində geriləmə yoxdur. Digər dövlətlər də Rusiyanın bir aktyor kimi iştirakını qəbul etməyəcək".

Qulu Məhərrəmli tərəflər arasında gedən informasiya müharibəsinə də toxunub. "Azərbaycan tərəfinin dediyini Ermənistan təkzib edir, bizim dediyimizi də əks tərəf. Ona görə də görüşdə nə danışıldığını, nə baş verdiyini dəqiq bilmirik. Bir azdan sonra hadisələrin gedişindən nə baş verdiyini biləcəyik. Mən o qənaətdəyəm ki, bu danışıqlarda Ermənistan üçün şərtlər var. Təbii ki, Azərbaycanı da qane etməyən nüanslar mövcuddur. Amma bütün hallarda prosesə 4 günlük müharibənin müəyyən təsiri olub" - deyə Q.Məhərrəmli bildirdi.


Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə "dəyərlər.org"a deyib ki, əslində 5 rayonun qaytarılması çox texniki bir prosesdi: "Əsas odur ki, Rusiya Dağlıq Qarabağı bölgəyə nəzarət aləti kimi saxlamaq istəyir. Rusiyanın məqsədi aydındır. Bu məqsədi həyata keçirtmək üçün Rusiya çalışmalıdır ki, münaqişə həll edilməsin. Təbii ki, münaqişənin formatı, şəkli, gedişi dəyişə bilər, amma münaqişə həll edilməmiş qalmalıdır".

Politoloqun sözlərinə görə, münaqişənin qalması üçün də Madrid prinsiplərində Azərbaycan üçün xeyli tələlər var. Həmin tələlərdən biri Ermənistanın israrla dediyi və Azərbaycanın rəsmilərinin düşünmədən razılaşdıqları referendum məsələsidir. İkincisi, qeyd edilən iki rayonun nə vaxt qaytarılması məsələsidir. Üçüncü, sülhməramlı adı altında bölgəyə yeridilən qoşunların hansı dövlətə mənsub olması məsələsidir:

"Yəni bu təfərrüatlarda istənilən qədər tələlər qoyula bilər. Bu baxımdan bu cür açıqlamanı hansısa bir zəfər raportu kimi qəbul etmək lazım deyil. Sadəcə prosesləri zamana buraxmaq lazımdır. Hələlik nə Azərbaycanda, nə də Ermənistanda dövlətlərin, xalqın dediyi sözlər güzəştli sülhün mümkünlüyünə ümid etməyə əsas vermir. Bu gün hətta 5 rayon və sonra 2 rayon da qaytarılsa, münaqişə həllini tapmayacaq. Sadəcə burada formatın dəyişməsi prosesi baş verə bilər".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.