haberL haberR

Yol polisi qaydaları poza bilməz - Əgər bunları etməsə...

Kateqoriya: Ölkə Yayımlama tarixi: 28.07.2016 11:52:25

Bəzən bir sıra hallarda yol hərəkəti qaydalarının yol polisi əməkdaşları tərəfindən də pozulduğunun, bəzən hətta qəza şəraitinin yaradıldığının şahidi oluruq.

Bəziləri düşünür ki, bəli polislər xidmət başında olduğuna görə onlara bunu etmək olar. Digərləri isə hesab edir ki, yox, polislər də digər vətəndaşlar kimi qanunun tələblərinə əməl etməlidirlər.

Məsələnin hüquqi tərəfinə aydınlıq gətirən hüquqşünas Asif Abdullayev Milli.Az-a bildirib ki, "Yol hərəkəti haqqında" Qanunun tələbləri digərləri ilə yanaşı yol polisinə də şamil olunur:

"Həmin qanunun 36-cı maddəsinə əsasən, bütün yol hərəkəti iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, o cümlədən svetoforun siqnallarına tabe olmalıdırlar. Maddənin mənasından belə məlum olur ki, yol polisinə məxsus nəqliyyat vasitəsi də yol hərəkəti qaydalarına, o cümlədən də svetoforun siqnallarına tabe olmalıdır. Bununla yanaşı, qanunvericilik yol polisinə aid nəqliyyat vasitəsinə üstün keçid hüququ verir. Üstün keçidin hansı üstünlükləri var? Üstünlük bundan ibarətdir - əgər xüsusi işıq və səs siqnalları qoşuludursa, üstün keçid hüququ olan nəqliyyat vasitəsinə yol verilməlidir. Amma yol polisinin üstün keçid hüququna malik olması ona əsas vermir ki, istədiyi zaman, istədiyi məqsədlə qırmızı işıqdan keçsin və yaxud digər qayda pozuntusuna yol versin. Gündəlik həyatda bəzən görürük ki, yol polisinə məxsus avtomobil və ya motolsikl adi qaydada qırmızı işıqdan keçir və yaxud digər qaydanı pozur və buna hüququ olduğunu zənn edir. Xeyr! Bu, tamamilə qanunazidd hərəkətdir. Yol polisi avtomobili adi halda (xüsusi işıq və səs siqnallarını qoşmadan) heç bir qaydadan kənara çıxa bilməz. Belə ki, "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinin birinci hissəsinə əsasən, yol polisi avtomobili üstün keçid hüququndan istifadə etmək üçün mütləq xüsusi işıq və səs siqnallarını eyni zamanda qoşmalıdırlar. Təkcə xüsusi işıq siqnalları qoşulmuş yol polisi avtomobili üstünlük hüququndan istifadə edə bilməz. Belə olan halda, digər sürücülər onlara yol verməyə məcbur deyillər. Qanunun 74-cü maddəsinin ikinci hissəsində isə birbaşa göstərilir ki, hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər".

Ekspert əlavə edib ki, "Yol hərəkəti haqqında" qanunun 48-ci maddəsinin 5-ci hissəsinə əsasən, yol polisi yalnız digər hərəkət iştirakçılarına təhlükə yaratmadığı hallarda yol hərəkəti qaydalarından kənara çıxa bilər: "Hətta belə olan halda da, həmin avtomobilin xüsusi işıq və xüsusi səs siqnalları qoşulu olmalıdır. Xüsusi işıq və səs siqnalları ona görə qoşulu olmalıdır ki, digər sürücülər yol polisi avtomobilinin qaydadan kənara çıxaraq gözlənilməyən (qırmızı işıqdan keçmə, qoşa xətt üzərindən geriyə dönmə və s.) hərəkət edəcəyi barədə məlumatlı olsunlar. Bu siqnallar digər sürücülərin diqqətini cəlb etmək üçün nəzərdə tutulub. Misal üçün, xidməti zərurətlə bağlı yol polisi qırmızı işıqdan keçməyi qərara alır. Bu zaman həmin avtomobilin sürücüsü mütləq xüsusi işıq və səs siqnallarını qoşmalıdır ki, digər sürücülər onun qırmızı işıqdan keçəcəyi barədə məlumatlansınlar və ona yol versinlər. Bu siqnallar qoşulmadan, yol polisi adi avtomobillər kimi qırmızı işıqda dayanmalıdır".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.