haberL haberR
Saatın əqrəbləri altı tamamı göstərdikdə zəngli saat çalmağa başladı. Səhərin bu erkən çağında niyə yüksək səslə çaldığını heç özü də bilmirdi...

Yəqin ki, başqa mexanizmlər, digər elektrik cihazları kimi o da bilməyəcəkdi sonsuza kimi nə etdiyini, niyə etdiyini. Elə kimlərsə onu axşamdan filan saatın filanıncı dəqiqəsinə quracaq, o da həmin vədə gələndə, vaxt tamam olan kimi bir saniyə belə gecikmədən özünə əl qatıb haray-həşir qoparacaqdı. Yaxşı bəs niyə qoparacaqdı? Özü də bilməyəcəkdi... Bilmədən də olsa insanlara daim öz işlərinə gecikməməkdə, verdikləri sözləri, razılaşdıqları görüşləri vaxtında yerinə yetirməkdə, gedəcəkləri ünvanlara zamanında qalxıb çatmaqda köməklik edəcəkdi. İnsan həyatı davam etdikcə zəngli saatlar da onların etimadını, güvənini qazanmaqda davam edəcək, gecə əqrəbləri qurulduqdan sonra hamıya rahat yatmağa imkan verəcəkdi. Bəs görəsən öz işindən, vəzifəsindən xəbəri tutsaydı, o da canlı bir varlıq olsaydı yenə vaxtlı-vaxtında edərdimi bu işi? Şüurlu insanlar kimi hər ayın axırı gəldikdə maaş, pul tələb edərdimi? İnsanlara xidmət etməkdən zövq alardımı? Məsuliyyətsiz insanlar kimi işinə arabir də olsa gecikər, ona edilən etimadları bəzən doğrultmayıb saymazlıq göstərərdimi? Yəqin ki, hə, ya da yox... Dəqiq bilmirəm.

Söhbətə canlı, şüurlu varlıqlar da daxil olduqda cansızlara, mexanizmlərə, cihazlara nisbətən dəqiq bir söz demək, düzgün bir rəy vermək olmur. Olsa da yarı düz olur, yarı əyri... Bəlkə də elə həyatın ən maraqlı, əyləncəli tərəflərindən biridir bu – insanların fərqliliyi, müxtəlif xarakterlər, monotonluqdan uzaq vərdişlər, davranışlar... İnsanların sayı qədər fərqli insanın, müxtəlif zövqlərin, ürəklərin sayından da qat-qat çox arzuların, istəklərin, başların sayından dəfələrlə az ağıl, istedad və savadların olması rəngarəng edir dünyamızı... Hər gün eyni insanların fərqli hərəkətləri, sürprizlər, gözləntilər, gözlənilməz baş verənlər və sair...

Lakin, əlbəttə, zəngli saatların da bir sonunun olacağı, insanlar tərəfindən günlərin bir günündə kənara atılacağı heç də gözlənilməz hadisə deyil. Həyat davam etdikcə həyatımızın ən vacib köməkçisinə çevrilən, ancaq hal-hazırda istifadəsiz qalan digər yüzlərlə cansızlar kimi zəngli saatlar da unutulacaq, başqa cansızlarla əvəz olunacaq və yalnız muzeylərdə, şəxsi kolleksiyalarda qorunacaq...

 

Tağı NURULLAYEV / İslamazeri.az üçün

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.