haberL haberR

Bu gün İmam Zamanın (ə.f) mövlud günüdür

Kateqoriya: İslam Yayımlama tarixi: 03.06.2015 13:04:58 3427 dəfə oxunub.

Bu gün 12-ci İmam, Həzrəti Sahibəzzamanın (ə.f) mövlud günüdür

İmam Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şəban ayının on beşində Samirra şəhərində anadan olub.

Onun adı İslam Peyğəmbərinin adından, yəni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni, Əbülqasimdir. Məsum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfi-saleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir. Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olub. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınıb. Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olub ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırıb.   

Zalım Abbasi hökuməti İmam Əskəri əleyhissəlamın oğlunu ələ keçirib öldürmək məqsədilə onun evini ciddi nəzarət altında saxladığından, İmam Məhdi əleyhissəlamın anadan olması İmam Həsən Əskəri əleyhissəlamın qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş verib. Bu barədə ən mötəbər xəbəri o Həzrətin anadan olmasının yaxından şahidi olmuş İmam Həsən Əskəri əleyhissəlamın bibisi Həkimə xanım verib. Qeyd etmək lazımdır ki, o Həzrətin gizli şəkildə anadan olması bu demək deyil ki, sonralar, yəni, İmam Həsən Əskəri əleyhissəlamın sağ olduğu müddətdə Həzrət Məhdi əleyhissəlamı beş-altı yaşına qədər heç kəs görməyib. Xeyr, şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə o Həzrəti görməyə nail olmuş, beləliklə də, onun anadan olmasına yəqinlik taparaq, lazım gəldikdə başqa şiələrə də bu haqda məlumat verirdilər. Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş, lakin bunların içərisində ən əsası çox güman ki, İmam Həsən Əskəri əleyhissəlamın qırx səhabəsinin o Həzrətlə görüşü olub. Bu görüş aşağıdakı şəkildə baş verib. Həsən ibn Əyyub ibn Nuh deyir: “İmam Həsən Əskəri əleyhissəlamdan sonrakı İmamın kim olacağı barədə soruşmaq üçün o Həzrətin yanına getdik. Biz qırx nəfər idik. (Sonradan İmam Məhdi əleyhissəlamın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: “Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm”. İmam Həsən Əskəri (əleyhissəlam) Osmana “Əyləşin” - deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: “Heç kim durub getməsin”. Buna görə də, kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra İmam Əskəri (əleyhissəlam) Osmanı dilləndirdi. O, ayağa qalxdı. İmam ona buyurdu: “İstəyirsiniz, bura nə üçün gəldiyinizi deyim?”, Hamı “Buyurun!” -deyə cavab verdi. İmam buyurdu: “Bura məndən sonra kimin İmam olacağı barədə soruşmaq üçün gəlmisiniz?”. Hamı “Bəli” dedi. Bu vaxt ay kimi işıqlı (nurani), İmam Həsən əleyhissəlama oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri (əleyhissəlam) ona işarə edərək buyurdu: “Bu, məndən sonra sizin İmamınız, mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər...” 

 

İslamazeri.az Redaksiyası adından bütün Əhli-beyt sevərləri bu münasibətlə təbrik edirik!

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.